Əsas makroiqtisadi göstəricilər

Bu bölmədə təqdim olunan göstəricilər – ÜDM-in artım tempi, inflyasiya, işsizlik səviyyəsi və qeyri-neft sektorundakı dinamika – ölkə iqtisadiyyatının ümumi vəziyyəti və inkişaf istiqamətləri haqqında fikir verir. Bu məlumatlar sahibkarların mövcud iqtisadi mühitə uyğun qərarlar qəbul etməsinə kömək edir. Məsələn, inflyasiyanın səviyyəsi qiymətlərin sabitliyini, işsizlik göstəriciləri isə əmək bazarındakı vəziyyəti göstərir. ÜDM və qeyri-neft sektorundakı artım isə ümumi iqtisadi aktivlik və KOB-lar üçün potensial bazar imkanları baxımından önəmli siqnallardır. Bu göstəriciləri izləmək KOB-ların riskləri daha düzgün qiymətləndirməsinə və fürsətləri daha tez görməsinə şərait yaradır.

İqtisadi dinamika: Son illər sahibkarlar üçün nə vəd edir?

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, son illərdə ölkə iqtisadiyyatında ümumi müsbət dinamika müşahidə olunur.

2021–2022-ci illərdə bərpa və inkişaf mərhələsi yaşanıb, xüsusilə qeyri-neft sektorunda artım nəzərəçarpacaq olub. 2023-cü ildə artım zəifləsə də, 2024-cü ildə göstəricilər yenidən yaxşılaşıb. İnflyasiya 2022-də yüksək olsa da, sonradan kəskin azalıb ki, bu da sahibkarlar üçün daha sabit qiymət mühiti deməkdir.

İşsizlik isə bu illər ərzində sabit qalıb. Ümumilikdə bu göstəricilər KOB-lar üçün əlverişli biznes mühitinin formalaşması baxımından vacib siqnallar verir.

KOB-ların iqtisadiyyatda rolu güclənir

Rəsmi rəqəmlər son üç ildə KOB-ların iqtisadiyyatda rolunun dalğalı olduğunu göstərir.

Belə ki, 2021-ci ildə 16.4% olan pay 2022-də azalsa da (13.9%), 2023-cü ildə 18%-ə yüksəlib. 2023-cü ildəki bu artım KOB-ların iqtisadiyyatda daha fəal iştirak etməyə başladığını və onların fəaliyyət imkanlarının genişləndiyini göstərir.

Belə bir tendensiya, gələcəkdə də dəstək və təşviqlərlə KOB-ların iqtisadi çəkisinin daha da artacağına ümid yaradır.

Sektorlar üzrə istehsalat göstəriciləri: Trendlər və siqnallar

Son 4 ilin məlumatları göstərir ki, iqtisadiyyatın bir çox sahəsində istehsalat artmaqdadır.

Xüsusilə ticarət, tikinti, nəqliyyat-logistika və turizm sahələrində davamlı artım müşahidə olunur. 2023–2024-cü illərdə ticarət və turizmdə nəzərəçarpacaq artım, bu sahələrdəki canlanmanı göstərir.

Mədənçıxarma sənayesində isə 2022-ci ildə pik göstəricidən sonra azalma baş verib, bu da ümumi sektoral balansda dəyişiklik yaradıb. Xidmət sahələri — təhsil, səhiyyə, informasiya texnologiyaları və peşə-ixtisas fəaliyyəti üzrə də istehsalat artımı davam edir.

Bu göstəricilər KOB-lar üçün müxtəlif sahələrdə inkişaf və əməkdaşlıq imkanlarının artdığını göstərir.

KOB-lar hansı sahələrdə daha fəaldır?

2023-cü ilin rəsmi rəqəmlərinə görə, mikro və kiçik sahibkarlar əsasən ticarət, turizm və xidmət sahələrində fəaliyyət göstərirlər. Xüsusilə ictimai iaşə və turizm sektorunda mikro sahibkarların payı 50%-dən çoxdur. Orta sahibkarlıq isə daha çox kənd təsərrüfatı, daşınmaz əmlak və səhiyyə sahələrində təmsil olunur. Digər sahələrdə isə KOB-ların xüsusi çəkisi azdır. Bu da onu göstərir ki, KOB-lar əsasən istehlak yönümlü sahələrdə daha aktivdirlər.